Prezident İlham Əliyev: Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var

Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: “Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.

Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.

Teqlər: