Prezident İlham Əliyev: Gənclər bilməlidirlər ki, kənar təsirlərin məqsədi nədir

Kənar təsir məsələsinə gəldikdə, əlbəttə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu təsirin məqsədi nədir. Əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir məsələ. Ancaq əfsuslar olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında konkret planlar var.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, hər bir cəmiyyətdə qüsurlar var, hər bir cəmiyyətdə çatışmazlıqlar var, bu, qaçılmazdır. “Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür”, – deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Dövlətimizin başçısı deyib ki, ərəb baharı olanda burada da bəziləri deyirdilər ki, Azərbaycan da bu ərəb baharının bir parçası olmalıdır: “Halbuki, bizə bunun heç bir aidiyyəti yoxdur və Azərbaycanda daxili təhlükə mənbəyi də yoxdur. İndi postsovet məkanına baxaq. Orada da demək olar ki, ifaçılar eyni idilər. Postsovet məkanında neçə rəngli inqilab oldu? O ölkələrin xalqları daha yaxşı yaşamağa başladılar? Yox. Nə oldu? Xaos, anarxiya, idarəolunmaz vəziyyət”.

Teqlər: