Prezident İlham Əliyev: Gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq

Gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Qazı nə qədər çox ixrac etsək, – çünki qazın həcminin artması açıq-aşkardır, – qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər də azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var. Lakin digər, məsələn, kənd təsərrüfatı məhsulları kimi məhsullarımız üçün biz regional bazarlarla məhdudlaşırıq. Avropa bazarına daxil olmaq çox çətindir, çünki Avropa bazarında ölkələr özləri bir-biri ilə rəqabət aparır. Beləliklə, biz əsasən Türkiyəyə, Rusiyaya və bəzi digər ölkələrə ixrac edirik. Deyərdim ki, bu il o baxımdan çox əlamətdar oldu. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Bizim energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, həqiqətən də əlamətdar nəticədir. Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda, biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq”.

Teqlər: