Prezident İlham Əliyev: Füzulinin azad olunması xəbərini çatdıranda bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik (TAM NİTQ)

Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin çıxışı

-Əziz dostlar, əziz füzulililər, sizi səmimiyyətlə salamlayıram, “Füzuliyə xoş gəlmisiniz” deyirəm. Biz azad edilmiş torpaqlarda bu gün Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik. Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Bu, tarixi hadisədir. Həmin an – 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz.

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır.

Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi.

Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.

Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Düzdür, işğal dövründə Minsk qrupunun nümayəndələri iki dəfə faktaraşdırıcı missiya ilə bu bölgələrə gəlmişdilər və müvafiq məruzələr hazırlanmışdı. O məruzələrdə göstərilirdi ki, düşmən burada böyük vandallıq törədib. Ancaq bu dərəcədə dağıntıları heç kim təsəvvür edə bilməzdi. Bu, erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib ilə erməni vəhşiliyini öz gözləri görürlər.

Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

İşğal dövründə mən Füzuli rayonunun bizdə olan hissəsinə, ərazilərinə dəfələrlə gəlmişdim, 12 dəfə Füzuli rayonunda olmuşdum. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilmişdir. Böyük sosial infrastruktur layihələri icra edildi – 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. İnfrastrukturla bağlı çox böyük işlər görülmüşdür. Fərdi evlərin bərpası işləri görülmüşdür. Yəni, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparılırdı. Qeyd etdiyim kimi, 12 dəfə Füzulidə olmuşam. Burada köçkünlərlə görüşərək hər zaman onlara deyirdim ki, Füzuli şəhəri və rayonun qalan hissəsi azad olunandan sonra biz daha yaxşı evlər tikəcəyik, daha gözəl şərait yaradacağıq və siz qayıdacaqsınız. Bu gün artıq bunu hər kəs görə bilir. Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Biz Füzulidən Şuşaya elektrik xətləri çəkmişik. Çünki Şuşa azad olunandan sonra mənfur düşmən bütün elektrik xətlərini kəsib, hətta su xəttini də partlatmışdır və Şuşa işıqsız qalmışdır, özü də qış aylarında. Ona görə çətin şəraitdə Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur.

Yollarla bağlı. İndi siz gələndə yeni yoldan istifadə etdiniz. Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq. Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır.

Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan təqdim edildi. Bu gün bərabər bu plana baxarıq. Bizim mütəxəssislərimiz bu plan üzərində uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq.

Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq – texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Sabah – oktyabrın 18-i tarixi gündür. Otuz il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini elan etmişdir. Bildiyiniz kimi, mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir.

Onu da bildirməliyəm ki, hesab edirəm, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları bəlkə də bilmir.

Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir – 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr, Azərbaycan – 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavab bilirəm. Bu, ritorik sualdır. Ona görə, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir. Amma, eyni zamanda, bizim o ildə digər tarixi həqiqət var – o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.

Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib? Ona görə 18 oktyabrla bağlı sabah mənim Azərbaycan xalqına təbrikim dərc ediləcək. Ancaq, eyni zamanda, mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi.

Bu gün bu tarixə toxunarkən, sadəcə olaraq, öz mövqeyimi, öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Sabah digər tarixi gün qeyd olunacaq – Xudafərin qəsəbəsinin azad olunması. Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik.

Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq. Bir daha sizi təbrik edirəm və yeni uğurlar, cansağlığı arzu edirəm. Sağ olun.

Teqlər: