Prezident İlham Əliyev Fransa Prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona məktub
göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar mənə
ünvanladığınız məktuba görə Sizə təşəkkür edirəm. Mən də öz
növbəmdə Sizi və Fransa xalqını bu əlamətdar tarix münasibətilə
ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq,
qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli
münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən
etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə
bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına
çalışmışdır.

Ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf
etmiş, səmərəli əməkdaşlıq münasibətləri formalaşmış və bir çox
sahələrdə yaxşı nailiyyətlər əldə olunmuşdur. Bu gün Fransa
şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir,
Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla
fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi
altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına
göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki,
iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı
maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da
xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub
xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan
Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət
yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının
Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin
etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdi. Otuz
illik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq
regionda əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu baxımdan
nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük
iqtisadi perspektivlər vəd edir.

Hesab edirəm ki, Avropa İttifaqının hazırkı sədri qismində
Fransanın təşəbbüsü ilə dördlü formatda keçirdiyimiz görüş və
apardığımız danışıqlar regionda etimadın gücləndirilməsi, davamlı
sülhün və sabitliyin təmin olunması üçün əlverişli imkan
açmışdı.

Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik
və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi
beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında
Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq.
Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli
olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh
gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

Hörmətli cənab Prezident,

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal
nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin
bərpasıdır. Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi
prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni
zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin
düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə
ölkənizin göstərdiyi diqqəti alqışlayırıq.

UNESCO-nun üzvü kimi və onun Nizamnaməsinə uyğun olaraq
Azərbaycan təşkilatın missiyasını öz ərazisində qəbul etmək
niyyətini son onilliklər boyu rəsmi şəkildə dəfələrlə bəyan
etmişdi. UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna
hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırıq.

Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə,
eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə
böyük önəm verir. Qarşıdan gələn aylarda ölkənizin Avropa
İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da
möhkəmlənəcəyinə inamımızı ifadə edirik.

Dərin hörmət və ehtiramlarımı izhar edirəm”.

Teqlər: