Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

Trend xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi
önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan
övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə
sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı
olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların
300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə
zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox
nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170
mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif
edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu
keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində
vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.
Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas
tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi,
neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının
tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli
lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə
veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın
qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə
veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində
saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar
göstərilir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər
faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində
əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur
hissi ilə qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı
ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul
və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi
yaşayacaq.

Teqlər: