Prezident İlham Əliyev: Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik

Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi
iddialarını da aradan götürəcəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

“İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti
gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda
olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan
milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün
dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır,
ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə
aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə
məhv edilmişdir. Ermənistanın məhv edilmiş silah-sursatının,
texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı
4-5 milyard dollar təşkil edir. O başqa məsələdir ki, kasıb ölkə bu
pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu
yoxdur. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm
sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur
Ermənistan ordusunda. Azərbaycan Ordusunda bir dənə də fərari
olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı,
xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.
Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla
azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından
izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə,
sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək,
Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin
ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Bu gün də
ehtiyac var, çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi
iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa
çatacaq. Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər
nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində
Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi
iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki, bu
iddialar var və biz buna hazır olmalıyıq. Biz müharibə dövründə –
cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında
azad etmişik. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın
10-da – noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza
atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan
rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha
baha başa gələcək. Halbuki əgər onlar müharibənin ilk günlərində
dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş
torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini
versəydilər, müharibə daha tez dayana bilərdi. Mən müharibə
dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki,
Ermənistan rəhbərliyi bizə tarix versin, nə vaxt torpaqlarımızdan
çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də
oldu. Ancaq məcburən bunu etdilər. Qırx dörd gün ərzində tamamilə
məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq
uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı
imzaladı və biz bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın
rayonlarını geri qaytardıq. Beləliklə, biz müharibəni hərbi-siyasi
yollarla həll etdik. Yenə də deyirəm, təkbaşına, heç bir vasitəçi
olmadan”.

Teqlər: