Prezident İlham Əliyev: Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır

Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra – Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir.

Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, – yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, – o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı”.

Teqlər: