Prezident İlham Əliyev: Ermənistanın inkişafı üçün də yeganə yol var – Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək

Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.

Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi – öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

Teqlər: