Dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Ermənistanın baş naziri və Şarl Mişellə görüşünü şərh edərkən deyib.
Dövlət başçısı bildirib:
“Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam”.