Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışında deyib.
Dövlət başçısı bildirib:
“Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular. Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə qorumaq iqtidarında deyil.
Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir.
Mütərəqqi dünya artan neo-faşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.