Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
“Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi – öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.