Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə
Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi.
Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri
və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində
idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral
avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet
vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da
əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və
daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm
məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə,
vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma
məsələləri öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir
çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi
rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir
yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu
olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə
gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki,
gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün,
həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir
infrastruktur olacaqdır”.