Prezident İlham Əliyev: Enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb

Enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb.

AzerTimes xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

Dövlət başçısı bildirib:

“Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Çatışmayan bəndlərə gəlincə, hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanmasından sonra bütün bəndlər bir-birinə bağlanıb. Eyni zamanda, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması Xəzər regionu, Qafqaz və Türkiyə regionunda bütün bəndləri bir-birinə bağlayıb. Buna görə də biz yeni bəndlərin yaradılması baxımından gələcək planlar haqqında düşünə bilərik. Məsələn, hazırda üzərində işlədiymiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla, Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir. Biz hazırda həmin ölkələrə qazın çatdırılması üçün sabiq Yuqoslaviyanın bir neçə ölkəsi ilə fəal danışıqlar mərhələsindəyik. Bilirsiniz, bir mühüm layihəni bitirdikdən, missiyanı yerinə yetirdiyinizi düşündükdən sonra bəzi yeni ideyalar yaranır və tərəqqi özünü belə nümayiş etdirir. Əminəm ki, biz faydalı əməkdaşlığın başqa sahələrini də tapacağıq, ölkələr komandasını və dostluğumuzu genişləndirəcəyik”.

Teqlər: