Prezident İlham Əliyev Əmək pensiyasına qulluq stajına görə
əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində
əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi:
1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq
stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq
əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə
alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların
pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün
zəruri tədbirlər görsün.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi
yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi
əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə
dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi
yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi
üçün zəruri tədbirlər görsün;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq
edilir.