Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
“Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada
artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə
tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə – müşahidəçilərdir.
Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna
qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə
rəsmən müraciət etmişik. Təəssüf ki, bu məsələ indiyə qədər həll
edilməyib. Mənim Rusiya rəhbərliyi ilə, Çin Xalq Respublikasının
rəhbərliyi ilə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə
bu kontekstdə əlaqələrim onu göstərir ki, bizim statusumuzu
yüksəltməmək üçün heç bir səbəb yoxdur. Lakin bizə məlum olmayan
səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur.
Digər inteqrasiya layihələrinə gəldikdə, biz bunun
məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab
verməsini əsas götürürük. Fikrimcə heç kəs üçün sirr deyil ki,
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol
Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş
etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın
idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43
bənddən 2-si – 6-cı və 16-cı bəndlər, – zəruri hallarda hərbi
yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.
Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni
KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa,
KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya
ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin
artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan
istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı,
yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ
müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də
normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi
bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki,
müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi
reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu
etməməliyik. Biz Qafqazda möhkəm sülhün bərqərar olması
istiqamətində irəliləməliyik. Buna görə düşünürəm ki, dünənki sənəd
sizin sualınıza müəyyən dərəcədə cavab verir. Növbəti mövzuları
qabaqcadan duyaraq deyə bilirəm ki, eyni sözlər Avrasiya İqtisadi
Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir. Həm ekspertlər
cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan
diskussiya gedir. Lakin biz burada da onu əsas götürürük ki, bu,
bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim
strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza,
nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat
yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də
hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq.
Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik.
Dünən Rusiya Federasiyası Hökumətinin başçısı ilə görüşdə bu mövzu
müzakirə edilib. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki,
biz, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq – harada
müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya
bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə
bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən
sonra bizə sərfəli olan qərar qəbul ediləcək. Bununla yanaşı,
deməliyəm ki, MDB üzvü olan bütün ölkələrlə, – təbii ki, Ermənistan
istisna olmaqla, – azad ticarət haqqında, o cümlədən Rusiya ilə
müqavilələr imzalanıb. İqtisadi və gömrük baryerlərinin
yumşaldılması istiqamətində addım atılıb. Sonrasını isə, necə
deyərlər, yaşayarıq, görərik. Heç nəyi tapmaca kimi tapmaq olmaz və
biz heç vaxt qısa müddətdə əldə edilməsi mümkün olmayan hansısa
hədəflər elan etməmişik. Lakin təbii ki, bu, bizim komandamızın
daxilində müzakirələr çərçivəsində gündəlikdədir”.