Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici
dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır.
Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də
Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Xarici bazarlar bizim hüdudlarımızın kənarındadır və
Avropadadır. Yenə də deyirəm, böyük tələbat var. Daxili tələbat
artmaqdadır. Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10
milyona çatıbdır. Yəni, bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni
zamanda, sənaye və iqtisadiyyatımız artır. Bu ilin iki ayında ümumi
daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft
sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar
postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir
ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes
mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi
istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Əlavə etsəm
ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə
xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard
dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya
bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük
şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar.
Bizim siyasətimiz isə ölkəmizin bundan sonrakı sürətli inkişafını
təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa
etmək, – bu, böyük ərazidir, 10 min kvadratkilometrdən çox bir
ərazidir, – və eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin
etməkdir. Bu, aksiomadır ki, elektrik enerjisi olmadan heç bir ölkə
inkişaf edə bilməz. Bu, birinci şərtdir, bu, əsas şərtdir.
Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və
bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir
infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də
elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi
iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx
tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan
biri də Birləşmiş Ərəb Əmirlikləridir. Mən bütün sərmayə
maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm
ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin
ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti
çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük
səmərə ilə istifadə edirik və edəcəyik”.