Əgər Ermənistana sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq
edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mətbuata
bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Azərbaycan hər zaman öhdəliklərə sadiq
olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa
İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz
buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən
də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə,
Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları,
əslində, yaranan müəyyən etimadı pozur.
İkinci Qarabağ müharibəsinə gəldikdə, bildirmək istərdim ki,
Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə
hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq
qaldıq, lakin onlar sıfır nəticə verdi. Uzun müddət ərzində mən
şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət
tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər
sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola
bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan
çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud
şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə
baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi”.