Prezident İlham Əliyev: Əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik

Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“İkinci tezis odur ki, verilən o 2,6 milyardın bir hissəsi kreditdir, bir hissəsi qrantdır. Azərbaycan elə bil ki, kreditlər götürmür. Düzdür, götürmürük, ancaq güzəştli şərtlər olsa, niyə də götürməyək, götürərik. Bir də ki, Ermənistana qrant verilir, yəni hədiyyə. Bizə isə verilmir. Amma buna daha çox bizim ehtiyacımız var. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin. Əlbəttə, biz Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında bu məsələni daim müzakirə edəcəyik, baxacağıq Ermənistana nə qədər qrant verilirsə ən azı o qədər də bizə verilməlidir. Əgər verilmirsə, qoy desinlər nə üçün? Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən açıq söhbətin tərəfdarıyam. Bütün görüşlərdə, o cümlədən cənab Mişellə çox səmimi və açıq söhbət etmişik. Çünki biz ona görə söhbət edirik ki, məsələləri həll edək, bir-birimizin mövqeyini öyrənək. Hansısa diplomatik sözlər arxasında gizlənməməliyik. Ona görə biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək və Ermənistana verilən qədər eyni şərtlərlə bizə də təklif olunsun. Biz o təklifi qəbul edəcəyik, etməyəcəyik bu, başqa məsələdir”.

Teqlər: