Əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq
Qarabağ” statusundan söhbət gedə bilər?!
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib:
“Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz
fəaliyyətini başa vurub. Minsk qrupu ilə bağlı mən öz fikirlərimi
demişdim, bir daha təkrar etməyə ehtiyac yoxdur və indi
postmünaqişə dövrüdür. Biz bu dövrdə yaşayırıq və postmünaqişə
dövründə də biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım
ərzində nəyi istəmişiksə ona nail olmuşuq. Nəyi demişəmsə buna biz
nail olmuşuq, ya da ki, nail oluruq. Birincisi, bütün dünya,
aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları
qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi.
Bu, bizim çox böyük siyasi uğurumuzdur. İkincisi, bizim
gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas
kimi götürülür. Mən demişdim ki, biz Ermənistanla sərhədləri
müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, ilyarım imtina
edirdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan
sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük
mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən
edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt
etmişlər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda
revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli
sürülən ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz
sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ”
statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ diyarı
var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona
görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə
komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var”.