Prezident İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdinə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş
Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini
Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub göndərib.

Məktubda deyilir:

“Əlahəzrət,

Qardaşınız – böyük şəxsiyyət, Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbəri məni
olduqca kədərləndirdi.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə
həsr etmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan öz xalqının sevgisini və
rəğbətini qazanmışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında əlaqələrin inkişafında onun böyük xidmətləri
olmuşdur. Onun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin
bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz
adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verirəm.

Allah rəhmət eləsin!”.

Teqlər: