Prezident İlham Əliyev: Dünyamız hazırda qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir

Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində qeyd edib.

Dövlət başçısı bildirib:

“Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir”.

Teqlər: