Prezident İlham Əliyev: Dünyada peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır

Koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı söyləyib.

Pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Habelə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğulayıb.

Azərbaycan Prezidenti dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.

Teqlər: