Dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar
olsun ki, gedəcək.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına
riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz
binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki,
xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər
tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik
təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi.
Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında
alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə
qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə,
ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də
bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz
buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da
az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə
iştirak edirdilər.
Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir
çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki,
gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm
Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan
xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini
görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur.
Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil
edirik”.