Prezident İlham Əliyev: Desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik

Əgər biz desək ki, Bakının bütün problemləri həll edilib,
əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl
şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu
meyarlara cavab vermir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlə başçısı bildirib:

“İlk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir,
mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində
ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri,
geniş islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul
edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul
edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru
dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi,
infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri,
tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması,
işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni
zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd
edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan
ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu,
o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə
qarşısında hələ də problemlər var və bu problemlər həll
olunmalıdır.

Bölgələrə gəldikdə, bölgələrdə canlanma və inkişaf imkan verdi
ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın.
Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı
şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində
dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn
qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd
edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll
edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl
şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu
meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş
addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat
edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda
olmalıdır”.

Teqlər: