COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal
yanaşma tələb edir. Lakin, az və orta gəlirli ölkələrdə
peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də
çox işlərin görülməli olduğunu göstərir.
AzerTimes xəbər verir
ki, bu fikirləri Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək
səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan
çıxışında söyləyib.
Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış edən
dövlətimizin başçısı deyib: “COVID-19 peyvəndlərinin bölgüsü
baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr
arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda
pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının
qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il
Gündəliyinin reallaşdırılmasına mane olur”.
Azərbaycan Prezidenti qeyd edib ki, səhiyyə sisteminin davamlı
fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli
addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq
aspektlərinin gücləndirilməsi vacibdir. Buraya müxtəlif addımlarla
yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz
peyvəndlənmə proqramlarının davam etdirilməsi də aiddir.
“Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin
səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və
orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə
təşviq edirik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.