Prezident İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi – Vüqar Rəhimzadə

“Hər bir beynəlxalq səviyyəli tədbir onun təşəbbüskarı olan və
ev sahibliyi edən ölkənin malik olduğu imkanların, hazırkı dövrdə
hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. İstər 44 günlük
İkinci Qarabağ müharibəsində çoxsaylı xarici mətbuata
müsahibələrində, istərsə də postmünaqişə dövründə sual-cavab
formatında təşkil olunan beynəlxalq konfranslarda dövlət başçısı
İlham Əliyevin Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə
etməyin, artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ
münaqişəsinin mahiyyətinin, dünyanın ikili standartlara söykənən
siyasətinin yaratdığı etimadsızlıq mühitinin və həqiqətlərimizin
dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyması
beynəlxalq ictimaiyyətin ədalət hissini itirməmiş kəsimi tərəfindən
daim təqdir olunur. Aprelin 28-də Şuşada işinə başlayan və ertəsi
günü Bakıda işini davam etdirən “Cənubi Qafqaz: İnkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans bu baxımdan xüsusi
diqqət çəkdi. Konfransda müzakirələrin böyük bir hissəsinin
Ermənistanla Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr
olunması ölkəmizin regionda sülhün və əməkdaşlığın bərqərar
edilməsində nə dərəcədə maraqlı olmasının bariz nümunəsini ortaya
qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans
iştirakçılarının suallarını dünya səviyyəli, nüfuzlu, dünyada gedən
prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik
təfəkkürə malik siyasətçi kimi, əsl liderə xas olan xüsusiyyətləri
nümayiş etdirməklə cavablandırması 20-dən çox ölkədən 50-yə yaxın
xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin
və media nümayəndələrinin regionumuzun bugünkü real mənzərəsi
haqqında dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar açdı.
Konfrans iştirakçılarının Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin uğurları, əsl liderə xas olan yüksək keyfiyyətləri,
ölkədə və dünyada gedən proseslərlə bağlı məlumatlılıq səviyyəsi,
onları təhlil etmək, verilən sualları sərrast cavablandırmaq
bacarığı haqqında fikirləri də deyilənlərin təsdiqidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.

V. Rəhimzadə qeyd edib ki, dövlət başçısı Azərbaycanın regionda
yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməsindən
geniş söhbət açaraq bu hədəfi açıqladı ki, biz gələcəyə baxmalıyıq
və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq,
eləcə də ümumi rifah məkanı olmalıdır: “Bu mühüm məqam da diqqətə
çatdırıldı ki, Ermənistan bölgədə təcrid olunmuş ada kimi yaşamaqda
davam edə bilməz. Bu ölkə qonşularla münasibətləri
normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına
son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı
təmasdan çəkinməməlidir. Yeni reallıqların nəzərə alınması,
revanşizm cəhdlərinə yol açmayan siyasətin yürüdülməsi Ermənistan
üçün yeganə çıxış yolu olmalıdır.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident
İlham Əliyev konfransda, eyni zamanda, Cənubi Qafqazın sülh və
əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi:
“Azərbaycanın təqdim etdiyi sülh gündəliyi postmüharibə dövrünün
yaratdığı yeni reallıqlara əsaslanır. Məhz bu reallığı dərk edən
Ermənistan ölkəmizin irəli sürdüyü 5 prinsipin qəbulu fonunda sülh
müqaviləsinin hazırlanmasına razılığını bildirib. Burada
Ermənistandan tələb olunan əsas məsələ təbii ki, sülh müqaviləsinin
imzalanmasının tezləşdirilməsi üçün real addımlar atmaqdır.
Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlığa bugünümüzün və
sabahımızın prizmasından yanaşır. Çünki təhlükəsizlik mühiti
yaradılmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz.
Azərbaycanın iqtisadi uğurları da məhz ölkədə və regionda
sabitliyin bərqərar edilməsi amilindən qaynaqlanır. Davamlı
sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Özünün daxili və
xarici siyasətində bu vacib amili daim ön planda saxladığına görə
Azərbaycanın region ölkələri, ən başlıcası isə yaxın qonşularla
əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu baxımdan tam əminliklə
demək olar ki, ölkəmizin qardaş Türkiyə ilə müttəfiqliyinin təsdiqi
olan Şuşa Bəyannaməsi, həmçinin Azərbaycan ilə Rusiya arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın
strateji maraqlarına əsaslanır.”

V. Rəhimzadə dövlət başçısının konfransda diqqət göstərdiyi
məsələlər sırasında bəzi beynəlxalq təşkilatların ikili
standartlara əsaslanan siyasətindən də geniş bəhs edib: “Beynəlxalq
təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə
laqeyd münasibəti diqqətdən kənarda qala bilməz. Bu gün aparıcı
dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək
göstərməyə hazır olduqlarını bildirirlər. Postmüharibə dövründə bu
prosesin tezliklə həyata keçirilməsində Avropa İttifaqının səyləri
inkaredilməzdir. Avropa İttifaqının ədalətli vasitəçiliyi
dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. ATƏT-in Minsk qrupu
və onun həmsədrlik institutu isə artıq tarixin arxivinə
göndərilib.”

YAP Xətai rayon təşkilatının sədri daha bir vacib məqama
toxunaraq deyib: “Diqqəti 30 illik işğal dövründə beynəlxalq
təşkilatların qəbul etdikləri qərar və qətnamələrin kağız üzərində
qalmasına yönəldən Prezident İlham Əliyev konfransda bu fonda
bildirdi ki, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə
heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur.
BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin
qətnamələr əsasən, Ermənistan hərbi qüvvələrinin dərhal
ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il
ərzində qətnamələrin heç biri icra edilmədi, sonda Azərbaycan
onları özü icra etməli oldu. Həmin qətnamələri qəbul edənlər BMT
Təhlükəsizlik Şurasının üç daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk
qrupunun həmsədrləridir. Amma işğalla bağlı uzun illər mövcud olan
status-kvo həm həmsədrlər, həm də Ermənistan üçün məqbul idi. Təbii
ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. Ona görə də ölkənin
iqtisadi imkanlarının artırılması, ordu quruculuğu sahəsində
biri-birindən əhəmiyyətli addımlar atıldı. Dövlət başçısı İlham
Əliyev konfransda bu məqamı xüsusi qeyd etdi ki, güclü orduya,
güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Güclü ordunun
olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub. Qarabağ
uğrunda şəhid olanların böyük əksəriyyəti gənc nəslin
nümayəndələri, Vətənini sevən, yüksək motivasiyalı insanlar
idi.”

YAP Xətai rayon təşkilatının sədri bu faktı da diqqətə çatdırıb
ki, Ermənistanın 30 illik işğalı dövründə həmin ərazilərdə
Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılmasına dünyada mədəni
irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş
UNESCO-nun laqeyd münasibəti və “siyasi məsələlərlə məşğul olmamaq”
adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etməsi,
torpaqlarımız işğaldan azad edildikdən sonra bu təşkilatın
fəallaşması və “erməni tarixi irsinin” müdafiəsinə qalxması da
ikili standartların bariz nümunəsidir.

Vüqar Rəhimzadə Azərbaycanın regionun gələcəyi ilə bağlı
planları əsasında Prezident İlham Əliyevin 10 ildən sonrakı
mənzərəni necə gördüyünə diqqəti yönəldib: “ 10 ildən sonra
Azərbaycan daha da güclü olacaq, Ermənistanla olan anlaşılmazlıqlar
və problemlər öz həllini tapacaq. Üç Cənubi Qafqaz ölkəsi arasında
sıx əməkdaşlıq əlaqələri qurulacaq. Azərbaycan regional layihələrin
müəllifi olaraq Türkiyə və Gürcüstan ilə üçtərəfli əməkdaşlıqda
daim mühüm rol oynayıb. Yeni əməkdaşlıq formatlarının qurulmasında
və inkişafında da mühüm layihələrin müəllifi, güclü iqtisadi
potensiala malik ölkə kimi Azərbaycan liderliyi öz üzərinə
götürəcək. Təbii ki, bir çox məsələlər Ermənistanda bundan sonrakı
proseslərdən, bu ölkə hökumətinin sülh gündəliyi ilə bağlı
planlarından asılı olacaq.”

“Prezident İlham Əliyev konfransda regionun dünənindən bugününə
və gələcəyinə baxış əsasında Ermənistanın atmalı olduğu vacib
addımları da açıqladı” söyləyən Vüqar Rəhimzadə dövlət başçısının
“Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar
bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən
verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara
minməlidirlər” fikirlərini hədəflərin ümumiləşdirilmiş ifadəsi kimi
dəyərləndirib: “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa
və quruculuq işləri uğurla davam etdirilir. Soydaşlarımızın Böyük
Qayıdışı prioritetdir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri
icra edilir. Birinci “ağıllı şəhər” Ağdamda, “ağıllı kənd” isə
Zəngilanda olacaq. Dövlət başçısı Azərbaycanın digər ərazilərində
də bu layihələrin tətbiq ediləcəyini bildirdi. Azərbaycanın gələcək
inkişafı ilə bağlı planlar genişdir və onların həyata keçirilməsi
üçün bütün imkanlar mövcuddur: Dövlətimizin qətiyyəti, iradə,
resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və ölkədə sabitlik.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız
regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Dövlət
başçısı İlham Əliyev konfransda bir daha bu çağırışı etdi ki, biz
sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh
sazişini imzalamağın vaxtı gəlib. Belə tədbirlər istər Avropada,
istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da
biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu
cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna
bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər
də bu cür tədbirlərə dəvət edilə bilərlər. Bu, özü gözəl bir
bünövrə olar.”

Teqlər: