Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında
hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il
beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir
infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin
genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir.
Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il
Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il
gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o,
daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın
Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı
olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız
“Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir.
Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji
təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə
gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman
görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə
alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri
dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları
sayı artan ölkələrlə daim təmasdadır”.