Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.
Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz 2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, uzun illərdir – artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir”.