Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.
Trend xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
“Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm.
Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.
Buna nail olmaq üçün əməli işlər aparılır və bu gün artıq bir neçə obyektin təməl daşı qoyuldu. Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaqdır və fəal işlər başlamışdır. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən, əlbəttə, görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. Amma bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər. Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər.
Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi.
Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim – Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.
Yəni bir neçə gün bizə lazım oldu ki, strateji əhəmiyyət daşıyan o kəndləri azad edək və ondan sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Deyə bilərəm ki, Zəngilan şəhərini Ermənistan ordusu demək olar ki, az müdafiə edirdi. Artıq onların gözlərini qorxu o qədər tutmuşdu ki, onlar silahları yerə qoyub qaçırdılar. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açıldı. Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik.
Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini – bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Mənim xatirimdədir, o vaxt Dövlətqaçqınkomun sədri Əli Həsənovdan soruşmuşdum ki, belə bir fikrim var, Cocuq Mərcanlı sakinlərini öz kəndinə qaytaraq. O vaxt orada bir ailə – Oktay Həziyevin ailəsi yaşayırdı. Dedim ki, siz öyrənin görün gəlmək istəyirlər, istəmirlər? Artıq uzun müddət keçib, bəziləri Biləsuvarda, bəziləri Bakıda işləyirlər, indi iş yerləri var, qayıtmaq istəyirlər, yoxsa, yox? Bir müddət keçəndən sonra Əli müəllim mənə dedi ki, demək olar onların hamısı qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Çünki o vaxt müxtəlif fikirlər var idi ki, torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları o yerləri görməyiblər, onların uşaqları, nəvələri. Ancaq o sözlər bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır.
Dərhal göstəriş verdim və Dövlətqaçqınkom qısa müddət ərzində böyük bir qəsəbəni saldı və mən 2017-ci ildə o qəsəbənin açılışına gəlmişdim. O vaxt mərhələli şəkildə 150 evdən ibarət qəsəbə salındı, məktəb, tibb məntəqəsi tikildi. Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı. Mən Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhər ağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Dörd il keçəndən, daha doğrusu üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır.
Yəni, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq.
Biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik. Çünki bax, bu dağıntıları törədən insan deyil, buna insan demək olmaz. Bunu törədən Azərbaycan xalqına o qədər nifrət etməli idi ki, bax, bu çirkin əməllərə əl atsın. O Azərbaycan xalqına ki, ermənilərə vaxtilə qucaq açıb. O Azərbaycan xalqına ki, vaxtilə çar Rusiyası tərəfindən İrandan köçürülmüş ermənilərə burada yer verib. Düzdür, Cəbrayıl rayonunda ermənilər yaşamayıb, heç bir faiz də erməni əhalisi olmayıb. Mən arayışa baxdım, işğaldan əvvəl Cəbrayılda cəmi 10 erməni yaşayırdı. Ancaq Qarabağın digər yerlərində Azərbaycan xalqı onlara yer verdi. Sənə çörək verənə qarşı belə nankorluq, belə qəddarlıq, bu qədər vəhşilik hesab edirəm ki, dünya tarixində misli-bərabəri olmayan barbarlıq və vandallıqdır. Bu gün Ermənistanın havadarları, bax, bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər. Bütün dünya görür. Biz artıq kitablar nəşr etməyə başlamışıq. Biz təqdimatlar keçirməyə başlamışıq. Biz bütün dünyaya erməni vəhşiliyi ilə bağlı dolğun məlumatın verilməsinə nail olacağıq. Bu prosesə start verilib. Bütün dünya görməlidir ki, biz təkcə özümüzü müdafiə etməmişik, öz ərazimizi bərpa etməmişik, biz erməni faşizminin belini qırmışıq. Erməni faşizmi bu bölgədə qol-qanad açıb və xarici havadarlarının dəstəyinə arxalanıb bizim ərazimizi otuz il ərzində işğal altından saxlamışdı.
Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır onların “müzəffər” ordusu? Haradadır “yenilməz” erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki on min fərarisi olan orduda hansı şücaətdən, hansı qəhrəmanlıqdan söhbət gedə bilər? Heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır. Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, dibdən-kökdən məhv etmişik. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib.
Ona görə bu mifologiyaya son qoyuldu. Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları.
Əgər kimsə hesab edir ki, müharibə bitdi və indi hər şey necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq. Mən deyəndə ki, biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın, mən bunu nəzərdə tuturam. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar – bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq.
Ona görə İkinci Qarabağ müharibəsinin bitməsi o demək deyil ki, region əvvəlki vəziyyətə qayıdacaq. Heç vaxt əvvəlki vəziyyət olmayacaq. Bunu hər kəs bilməlidir. Bilirəm ki, bəziləri bundan narahatdır. Bəziləri hesab edirlər ki, onlar indi gələcək proseslərdən kənarda qaldılar. Onların öz işidir. Biz hər halda bütün qonşu ölkələrə əməkdaşlıq platformasını təqdim etdik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərmişdir. Əgər bu, kimisə qane etmirsə, o platforma bizə də lazım deyil.
Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Biz açıq demişik ki, biz bunu dəstəkləyirik. Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni, artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. Yəni, bizim üçün bu format kifayətdir – Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir.
Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun.
Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər, tapsınlar bir xarici vətəndaş var bu bölgədə?
Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr var idi, bunu biz indi araşdırırıq. Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın.
O ki qaldı, regionun gələcək inkişafı ilə bağlı, biz əməkdaşlığa hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər. BMT Baş Assambleyasının sessiyası əsnasında, o cümlədən onların arasında ikitərəfli görüş olmuşdur. Mənə bizim xarici işlər naziri məruzə elədi və bildirdi ki, görüş konstruktiv keçib. Biz də elə bunun tərəfdarıyıq. Eyni zamanda, yəqin Azərbaycan ictimaiyyəti bilir, bu yaxınlarda mən demişdim ki, Ermənistan baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu, nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik. Sərhədlərin delimitasiyası həyata keçirilsin. Yoxsa, kimsə bizi ittiham edir ki, biz bölgədə sərhədləri dəyişdirmək istəyirik. Nəyin əsasında bizə qarşı bu ittiham səsləndirilir? Bizim sərhədlərimiz 30 il ərzində pozulmuş vəziyyətdə olanda nədənsə Ermənistana qarşı belə ittihamlar irəli sürülmürdü. O qəbul idi? Biz heç kimin sərhədini pozmamışıq. Biz Laçın və Kəlbəcər rayonlarında Ermənistanla həmsərhəd olan bölgələrə 30 ildən sonra gəlmişik. Qar əriyəndən sonra gəlmişik, may ayında. Qar tez ərisəydi, tez gələrdik. Yəni, 30 il ərzində bu sərhəd ermənilərin əlində idi. Əgər sərhəd oradan keçirdisə, qoruyardılar da bu sərhədi. Əgər biz sərhədi pozmuşuqsa, gəlib çıxarardılar da bizi oradan. Gəlib hücum edərdilər. Barışıblar axı onlar bununla, barışıblar. İndi Ermənistan bununla barışdığı bir dövrdə kimsə gəlir deyir ki, biz kiminsə sərhədini pozmuşuq. Biz heç kimin sərhədini pozmamışıq. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Gəlsinlər görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır. Bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, biz gələcəyə baxmalıyıq. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.
Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Bu gün mən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdim. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün bizə imkanlar yaradacaq. Bu gün iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Bu gün “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və mənimlə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Bildiyiniz kimi, Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Bizim iki dost, qonşu ölkəmiz Azərbaycana bax, bu münasibəti bəsləyir. Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, bütün bunlar buraya insanların qayıdışı üçün əsas şərtlərdir.
Biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini gördük. Bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verildi. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, – onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, – dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa heç nə etmək mümkün olmayacaq.
İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, nə gözəl yol çəkilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqımız var. Ən gözəl yollardan biri olacaq. Mən xüsusi tapşırıq verdim ki, geniş olsun, həm Cəbrayıla gələn vətəndaşlar rahat gəlsinlər, həm də buradan keçən Zəngəzur dəhlizi də bu yoldan istifadə edəcək. Bu gün birinci yaşayış binasının təməli qoyuldu. Artıq bu binanın da inşasına start verilir. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Bu gün, eyni zamanda, Zəfər və İşğal muzeylərinin təməli qoyulacaq. Hesab edirəm, ən önəmlisi odur ki, Cəbrayıl şəhərinin baş planı siz cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq. Sizi ürəkdən salamlayıram. Sizin simanızda bütün cəbrayıllıları qucaqlayıram, öpürəm. Allah sizə cansağlığı versin. Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar. Sağ olun”.