Bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu, həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər, Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, Suqovuşan qəsəbəsini azad edib.
AzerTimes xəbər verir ki, bu fikri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı çıxışında bu ərazilərin strateji əhəmiyyətindən danışıb. “Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir. İstər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. 7 iyul tarixi əgər 1923-cü ildə xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. 7 iyul artıq gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 7 iyul 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman mənim tərəfimdən imzalandı. Tarixi ədalət bərpa edildi ”, – deyə Prezident vurğulayıb.
Prezident İlham Əliyev əziz şəhidlərimizin xatirəsini bir daha yad edərək deyib: “Siz, onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.