Prezident İlham Əliyev: Bundan sonra ordu quruculuğuna nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq

Bundan sonra ordu quruculuğuna nə qədər pul lazımdırsa, o qədər
də ayıracağıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və
əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu
quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq
yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla
bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur
islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu,
ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək.
Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və
Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən
iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki,
hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz
isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab
edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq
hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq
hazırlanıb və hazırlanacaq.

Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi
qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin
sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə
qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır.
Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər
maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar
o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək
istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün
Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün
silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ
müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq
dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi
qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə
Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb
ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu
kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa
silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci
Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu
büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı,
bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə
deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən
Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost
addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun
şəkildə atacağıq.

Biz isə əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra
ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul
lazımdırsa, o qədər də ayıracağıq”.

Teqlər: