Prezident İlham Əliyev: Bundan sonra da xalqımızın, dövlətimizin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəm

Bundan sonra da xalqımızın, dövlətimizin inkişafı üçün əlimdən
gələni əsirgəməyəcəm.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşaya
səfəri çərçivəsində xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib:

“Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz
minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz –
onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti
yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş
yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların
ruhunu şad eləmişik.

2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək
bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə
öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident
kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və
ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim.
Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır.
Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.
Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra
Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər
Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport
vermişlər. Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə
Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin
etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin
inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni
əsirgəməyəcəm”.

Teqlər: