Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm,
diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün
bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və
burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq,
təhlükəsizlik şəraitində yaşayacaqlar.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tərtər
rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan
sonra Azərbaycan xalqına təbrikində söyləyib.
Prezident bildirib ki, Qarabağ diyarında sülhün və
təhlükəsizliyin təminatçısı Azərbaycan dövləti və Azərbaycan
Silahlı Qüvvələridir.
“Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad
edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi
çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl
bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək
istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan
daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran
bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”, – deyə
dövlətimiz başçısı vurğulayıb.