Prezident İlham Əliyev: Builki Bakı Enerji Həftəsi qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir

Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən
mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər
Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika
və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının
xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.

AzerTimes-ın məlumatına görə, bu
barədə Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin
iştirakçılarına məktubunda bildirilir.

Dövlətimizin başçısı qeyd edir ki, Bakı Enerji Həftəsi
Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın
yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Həm canlı
görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi
və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi
daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması
sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas
oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir.

“Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma,
“yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və
təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində
dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda Bakı Enerji
Forumu enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft
və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı,
gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir”, –
deyə məktubda vurğulanır.

Teqlər: