Bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki,
Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər
böyük olacaq.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham
Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes
forumunda çıxışı zamanı deyib.
“Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji
təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji
təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o
cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini
təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları
ixrac edirik”, – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, bizim planlarımıza qazın, elektrik
enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə
artırmaq daxildir.
“Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və
istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti
nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına
ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq
Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq.
O, bir çox sahələri – neft, qaz, elektrik enerjisi, hidrogen və
bərpaolunan enerji mənbələrini əhatə edir”, – deyə Prezident İlham
Əliyev əlavə edib.