Prezident İlham Əliyev: Bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq

Postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 25-də Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Avropa İttifaqından belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın, Avropa İttifaqı və onun üzvlərinin regional məsələlərə cəlb olunmasının yaxşı göstəricisidir. Bilirsiniz ki, bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur. Azərbaycan bir çox ölkə ilə, 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Düşünürəm ki, bu, bizim ölkəmizin çox böyük nailiyyətidir. Çünki, bu, üzv ölkələrin üçdəbirini təşkil edir və onu göstərir ki, əməkdaşlığın çərçivəsi həqiqətən çox genişdir, qarşılıqlı maraq, qarşılıqlı əhəmiyyət kəsb edən çox sahələri əhatə edir.

Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır”.

Teqlər: