Prezident İlham Əliyev: Bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşaatının tamamlanması nəzərdə tutulur

Bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının
inşası və artıq inşaatının tamamlanması nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və
tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə
inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə
bu gün bərpaolunan enerji növlərinin tam işə salınması
istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz
görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük
şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən
böyük şirkətlərdən biri – “Acwa Power” və Azərbaycan arasında
imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240
meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə
verilməlidr. Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200
meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası
ilə bağlı danışıqlar gedir. Birləşmiş Ərəb Əmirliyinin Mazdar
şirkəti ilə danışıqlar gedir günəş elektrik stansiyasının inşası
ilə bağlı, hər iki layihə haradasa 400-450 meqavat gücündədir.
Üstəlik 240 meqavat qeyd etdiyim kimi “Acwa Power”, ondan sonra
Xudafərin və Qız qalası su anbarlarında İranla bərabər 280
meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O
gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək.
Azərenerjinin özünün 50 meqavatlı külək elektrik stansiyası var,
ondan sonra azad edilmiş torpaqlarda keçən il Güləbird,
Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su
elektrik stansiyası yenidən quruldu və bu il azad edilmiş
torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının
tamamlanması nəzərdə tutulur. Orada da haradasa 25-30 meqavat
gücündə bu stansiyalar olacaq və əlavə azad edilmiş torpaqlarda
30-a yaxın ermənilər tərəfindən dağıdılmış su elektrik
stansiyalarının tikintisi mümkündür və olacaqdır və mən fürsətdən
istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək
istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma
yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar
və əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın
zonasındadır və digər azad edilmiş torpaqlarda. Mən bu rəqəmləri
gətirmişdim 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı
var, günəş və külək stansiyalarını nəzərə alaraq və ən böyük bizim
potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hal-hazırda
dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət
yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər
dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensial 150 min
meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün
planlaşdırmalıyıq. Daxili tələbatı təbii ki, ödəmisik, ödəyəcəyik,
ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac
bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim
kimi, enerji bağlantıları var, yeni bir layihə üzərində biz indi
işləyirik. Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar
Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi
indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi
təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni
zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə
bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə
təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və
Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir
xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan
keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm
önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda,
bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni
zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz
daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim
planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü
göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran
bütün vəzifələri biz uğurla icra edirik”.

Teqlər: