Prezident İlham Əliyev: Bu günə qədər bilmirəm, Paşinyan onu hansı tində imzalayıb

Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.

Ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq. Bir daha təbrik edirəm”.

Teqlər: