Prezident İlham Əliyev: Bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq

Bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib:

“Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır. Keçən il dekabrın 2-də mənim Sərəncamımla sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim Sərəncamımla həll olunan məsələdir. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Onu da bildirməliyəm ki, bu gün saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcəkdir.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Teqlər: