Prezident İlham Əliyev: Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi

Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük
qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bu il də investisiya proqramı təsdiq olunub və proqrama
əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz
dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər
daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona
görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər
etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük
həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə
Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq.
Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz
azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik.

Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş
ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan
ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə
tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də
davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan
təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə
almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə
bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı,
həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt
verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox
minalar basdırmışlar.

Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da
deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində
idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş
planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik
Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin –
Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü
bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə
də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var,
budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad
xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı
Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir.
Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir,
qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz
prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax,
bu gün atılır. Sizi təbrik edirəm”.

Teqlər: