Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması
istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz
görürük.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi
müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o
ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji
resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və
neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir
verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və
tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla
təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji
növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə ona görə ki, bu, ən
təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və
biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda
ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə
etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu
məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən,
küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti
qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq.
İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var,
potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi
yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq
göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində
uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə
inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar,
bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün
bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox
ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük?
İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə
investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri
– “Acwa Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında
təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik
stansiyası gələn il istifadəyə verilməlidr. Hazırda bp şirkəti ilə
Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş
elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Birləşmiş
Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir günəş elektrik
stansiyasının inşası ilə bağlı, hər iki layihə haradasa 400-450
meqavat gücündədir. Üstəlik 240 meqavat qeyd etdiyim kimi “Acwa
Power”, ondan sonra Xudafərin və Qız qalası su anbarlarında İranla
bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə
tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat
təşkil edəcək. Azərenerjinin özünün 50 meqavatlı külək elektrik
stansiyası var, ondan sonra azad edilmiş torpaqlarda keçən il
Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4
su elektrik stansiyası yenidən quruldu və bu il azad edilmiş
torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının
tamamlanması nəzərdə tutulur. Orada da haradasa 25-30 meqavat
gücündə bu stansiyalar olacaq və əlavə azad edilmiş torpaqlarda
30-a yaxın ermənilər tərəfindən dağıdılmış su elektrik
stansiyalarının tikintisi mümkündür və olacaqdır və mən fürsətdən
istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək
istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma
yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar
və əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın
zonasındadır və digər azad edilmiş torpaqlarda. Mən bu rəqəmləri
gətirmişdim 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı
var, günəş və külək stansiyalarını nəzərə alaraq və ən böyük bizim
potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hal-hazırda
dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət
yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər
dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensial 150 min
meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün
planlaşdırmalıyıq. Daxili tələbatı təbii ki, ödəmisik, ödəyəcəyik,
ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac
bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim
kimi, enerji bağlantıları var, yeni bir layihə üzərində biz indi
işləyirik. Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar
Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi
indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi
təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni
zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə
bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə
təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və
Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir
xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan
keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm
önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda,
bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni
zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz
daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim
planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü
göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran
bütün vəzifələri biz uğurla icra edirik”.