Bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.
Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm. Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var. Yaxın vaxtlarda Prezidentin səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək. Lakin, bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik”.