Prezident İlham Əliyev: Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır

Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə
insanın, şəhidlərimizin ruhu şaddır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşaya
səfəri çərçivəsində xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən
il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam,
işğaldan azad edilmiş Qarabağda.

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər
göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında
olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas
etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan
dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr
etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək,
ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət
quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində
dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm
qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz
minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz –
onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti
yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş
yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların
ruhunu şad eləmişik”.

Teqlər: