Prezident İlham Əliyev: Bu Bəyannamə bizim Rusiya ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır (TAM BƏYANAT)

Bu Bəyannamə bizim Rusiya ilə münasibətlərimizi müttəfiqlik
səviyyəsinə çıxarır.

Trend-in məlumatına görə, bunu fevralın 22-də
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata
bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev deyib.

Prezident İlham Əliyevin bəyanatı

İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvətə görə Sizə təşəkkürümü
bildirmək istərdim. Mən yenidən Moskvada olmağıma çox şadam. Bizim
görüşlərimiz müntəzəm xarakter daşıyır. Təxminən üç ay bundan əvvəl
də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm
məsələləri müzakirə etdik. Bizim görüşlərimizin intensivliyi
əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq
sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban
qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi
kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.

Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245
sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə
xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi
müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də
böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq
potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa,
praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan
münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir
qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin
müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və
praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən
çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində
deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət
suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına
qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq
əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə,
ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və
artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və
gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik
birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük
perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq,
əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda
dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və
gündəlikdəki bütün məsələləri həll edəcəyik.

Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq.
Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə
bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının
göstəricisidir. Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar
açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli
dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il
daha da artacaq.

Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik
münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi
qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə
yaxınlaşırıq.

Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici
imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə
ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi
reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda
əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə
etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm
ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan
sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün
regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və
düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim
fəaliyyətimizi, humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi
qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm. Bu
sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki,
bu sahənin inkişafına müvafiq impuls veririk və Rusiyada təhsil
alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu
məktəblərin sayı barədə Vladimir Vladimiroviçin gətirdiyi rəqəmlər
əlamətdardır, onlar özləri çox şeyi deyir. Buna onu əlavə etmək
istərdim ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən
çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır.
Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb
Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq
potensialını artırmaq niyyətindəyik.

Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də
bərpa etməyi planlaşdırırıq. Rusiya və Azərbaycan prezidentlərinin
himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya
səbəbindən fasilə yaranmışdı. Bu gün biz işğaldan azad edilmiş
ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı
məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Bu günə qədər
artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin
sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə
bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan
faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini
artıracaq.

Əlbəttə, bu gün biz regionda münaqişədən sonrakı vəziyyəti də
ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında
müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama
səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir
Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə
çoxillik, – otuz ilə yaxın, – qarşıdurma, Azərbaycanın üzləşdiyi
böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən
sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz
Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri
səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və
Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət
göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir.
Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci
il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin
Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında
kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə
yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki,
bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi,
Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında,
nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində
mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas
tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh
müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan
edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən
hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi,
delimitasiyası və digər məsələləri də əhatə edəcək.

Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq.
Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O,
bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi,
ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və
müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll
etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir.
Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda
sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın
möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim,
həlledici töhfə verəcəklər.

Hörmətli Vladimir Vladimiroviç, dəvətə, qonaqpərvərliyə görə
Sizə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib Rusiyanın
dost, müttəfiq xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək
istərdim.

Teqlər: