Prezident İlham Əliyev: Brüssel görüşündə aydınlaşdırdım ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü qəbul edir və ərazi iddiasından əl çəkir

Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da
yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5
prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul
edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni,
əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel görüşündə təsdiqləndi,
– bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha
intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə
dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının
Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel
aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında
məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq
istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan
ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı
yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və
“münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur.
Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və
son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu
məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə
arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət
təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət
yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar
verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə
olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım
ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi
bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından
əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel
görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib
hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli
əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki,
həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi
qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və
Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın
tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də
olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə
arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik
göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm,
bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin
delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq
işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair
işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox
böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz
bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə
başlayaq”.

Teqlər: