Prezident İlham Əliyev Böyük Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya
parlamentinin üzvü Ceyms Hippini qəbul edib.

Görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla
vurğulandı və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif
sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu
münasibətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Boris Consonun Prezident İlham Əliyevə və
dövlətimizin başçısının Boris Consona ünvanlanmış təbrik
məktublarının əhəmiyyəti qeyd edildi.

Bildirildi ki, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata
keçirilməsi əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı
zəmin yaradır.

Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya
tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə
sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.

Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli
dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edildi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən
proseslər barədə danışdı.

Teqlər: