Prezident İlham Əliyev: Bizim “yaşıl enerji” strategiyamız planlamanın yekun mərhələsindədir

Bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik. Beləliklə, biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik. Misal üçün, tezliklə biz Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik. Ötən ay bu zalda biz tamamilə əcnəbi investor, enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimini qeyd etdik.

Mən, həmçinin demək istərdim ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, mənim indicə qeyd etdiyim elektrik stansiyası – külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik. Bu, yaxşı göstəricidir və istehlakı böyük olmayan ölkələr üçün ciddi dəyişiklik ola bilər. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir”.

Teqlər: