Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu
ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ
diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradılmışdı. Qarabağın gözəl, səfalı yerləri, o cümlədən
Şuşa şəhəri və Suqovuşan qəsəbəsi qondarma quruma daxil edilmişdi,
Bu, xalqımıza qarşı növbəti ədalətsizlik, növbəti düşmənçilik idi.
Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə
bağlıdır.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tərtər
rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan
sonra Azərbaycan xalqına təbrikində bildirib.
Dövlətimiz başçısı deyib: “Azərbaycan xalqı Qarabağda əsrlər
boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər,
sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti
fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza
qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə
bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin
əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu”.
Azərbaycan Prezidenti vurğulayıb ki, biz döyüşərək, qan tökərək,
şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və
Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya
qayıtmışıq, doğma diyarımıza qayıtmışıq.
“Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı
abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən
salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri
tezliklə bu doğma diyara qaytarmaqdır”, – deyə Prezident İlham
Əliyev qeyd edib.