Prezident İlham Əliyev: Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub (TAM NİTQ)

Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Sabahınız xeyir, əziz dostlar, hörmətli komissar Simson, hörmətli komissar Varhelyi.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hamınızı Azərbaycanda salamlamaq istəyirəm və bizi ziyarət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Bildiyiniz kimi, keçən il iclasımız videokonfrans vasitəsilə olmuşdu. Lakin pandemiya ilə bağlı bəzi narahatçılıqlara baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən iştirak etmək qərarını verdiniz. Eyni zamanda, təəssüf hissi ilə demək istəyirəm ki, iclasın bəzi iştirakçılarının koronavirusa yoluxması aşkar olunub və buna görə də onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər. Mən onlara möhkəm cansağlığı, tezliklə sağalmalarını arzulayıram. Əminəm ki, Azərbaycan həkimləri onların mümkün olduğu qədər tez normal həyata qayıtması üçün hər şey edəcəklər.

Qeyd etdiyim kimi, keçən il iclas videokonfrans formatında keçirildi. Bu gün biz qarşılıqlı əlaqəmizin ənənəvi formatını bərpa edirik. Əlbəttə ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq.

Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü – dekabrın 31-də, – yeri gəlmişkən, bu, Dünya Azərbaycanlıların Həmrəylik Günüdür, – azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu gün iki komissarın burada olması faktı buna dəlalət edir. Həmçinin mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək verdiyi üçün Prezident Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı xahiş edirəm. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə də ona minnətdarlığımı bildirirəm. Həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm – Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq.

Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.

Əlbəttə, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək. Çünki hamımızın bildiyi kimi, əlavə qaz mənbəyınə tələbat artmaqdadır. Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür. Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniyada öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.

Həmçinin o faktı vurğulaya bilərik ki, bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.

Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik – böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir.

Hesab edirəm ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir – bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız, görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir. Buna görə də mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Dediyim kimi, “Şahdəniz” Azərbaycanda əsas qaz yatağıdır və bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir. Ümid edirik ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər.

Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü potensialımızdır. Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu – Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik.

Həmçinin demək istərdim ki, ilk növbədə, əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Əlbəttə ki, bizim öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin ümidvaram ki, 2020-ci ildə Vətən Müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Siz bizim qarşımızda necə çağırış olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Biz artıq bu ildən etibarən keçmiş qaçqınlarımızı geri qaytarmağı planlaşdırırıq. Ona görə də, bizim öz istehlakımız üçün əlavə qaza ehtiyacımız olacaq. Burada biz bərpaolunan enerji mənbələri ilə bağlı diqqətimizi cəmləşdirdiyimiz çox mühüm bir məqama gəlirik. Yeri gəlmişkən, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.

Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik. Beləliklə, biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik. Misal üçün, tezliklə biz Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik. Ötən ay bu zalda biz tamamilə əcnəbi investor, enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimini qeyd etdik.

Mən, həmçinin demək istərdim ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, mənim indicə qeyd etdiyim elektrik stansiyası – külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik. Bu, yaxşı göstəricidir və istehlakı böyük olmayan ölkələr üçün ciddi dəyişiklik ola bilər. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir.

Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var. Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Yeri gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki, bizim neft-qaz sahəsində strateji tərəfdaşımız olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik.

Mən, həmçinin demək istərdim ki, hazırda bizim Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Bizdə bununla bağlı böyük ruh yüksəkliyi var. Düşünürəm ki, bu, Azərbaycanda “yaşıl enerji”nin inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.

Qeyd etdiyim kimi, biz hər növ enerji mənbələri ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik. Bizim yaxınlığımızda ixrac bazarları, özü də artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı artan, əhalisi artan Türkiyə kimi ölkə, düşünürəm ki, bizim üçün əsas bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər. Bizim burada həqiqətən də böyük potensialımız var.

Biz çox fəal işləyirik, üzərimizə düşəni edirik. Eyni zamanda, şadam ki, Avropa Komissiyası ilə bizim Energetika Nazirliyimiz arasında buna həsr olunmuş xüsusi sessiya keçirilməsi üçün razılıq əldə olunub. Bunu həqiqətən də təqdir etməyə dəyər. Başqa sözlə, Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Biz bir komanda kimi işləməyə davam etməliyik.

Mən bir daha məmnunluğumu ifadə etmək istərdim ki, bu dəfə daha çox iştirakçımız var. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi ilə bağlı məsələlərin nə dərəcədə mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi başa düşürük. Sizə deyə bilərəm ki, biz daha yaxşı imkanlar yaratmaq üçün gələcəkdə də məsuliyyətli şəkildə davranacağıq. Bundan əlavə, həmçinin demək istərdim ki, bizim birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir.

Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək.

Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Məşvərət Şurasının iclasına uğurlar arzulayıram. Sağ olun”.

Teqlər: